Məktəblər innovativ bacarıqlar üçün başlanğıc nöqtəsi

Məktəblər innovativ bacarıqlar üçün başlanğıc nöqtəsi

"Məktəblər innovativ bacarıqlar üçün başlanğıc nöqtəsi kimi"

 Bünyamin Seyidov

Yüksək Texnologiyalar Parkının şöbə müdiri,

Innovasiya yaradıcı bir prosesdir. Hər bir yaradıcılıq prosesi istedadla yanaşı vərdişlərlə də müşayiət olunur. Müasir dövrdə innovasiyaların sürətli inkişafı ilə paralel olaraq təkcə savadlı deyil, həm də çevik və hipotetik düşünməyi bacaran, yüksək ünsiyyət bacarıqlarına malik, analitik bacarıqlara yiyələnən, yaradıcı düşünən, müxtəlif sahələrdə və fənlərdə fərqli anlayışlarla yaradıcılığını birləşdirən şagirdlərin yetişdirilməsinə ehtiyac var. Hazırda dünyada məktəblərdə innovasiya yönümlü düşüncə tərzinin formalaşdırılması qəbul edilmiş bir tədris metodudur.

Uşaqlarda innovativ düşüncənin erkən yaşlarda formalaşması  onun ömür boyu davamlı olmasını təmin edə bilər. İnnovasiya və yaradıcı düşüncə tərzi  anadangəlmə xüsusiyyətlər hesab edilsə də, əslində onlar öyrənilə və inkişaf etdirilə bilən xüsusiyyətlərdir. Şagirdlərin təxəyyüllərinin öyrəndikləri vasitəsilə inkişaf etdirilməsi üçün onlar yaşadıqları mühitlə məhdudlaşmamalı və qlobal düşünməlidirlər. Onlar dünyada baş verən inkişafı və yaranan problemləri izləməli, problemlərin həlli yollarını yaxından öyrənməlidirlər. Yenilikçi düşüncənin uşaqlar üçün açacağı qapılar sonsuzdur. Uşaqların təfəkkür dünyasını, yəni üfüqlərini inkişaf etdirməklə onların problemlərin həm tez, həm də alternativ həll yollarını tapması təmin edilir.

Yenilikçi düşüncə zehni inkişaf etdirərək perspektivlər qazanmağı hədəfləyir. Məhz bununla onlar məktəbdə yeni perspektivlər qazanır və müxtəlif yollarla önə çıxırlar.

Yuxarıda deyilənlərə əsasən demək olar ki, məktəb innovativ bacarıqların başlanğıc nöqtəsidir. Məktəblərdə innovasiya mühitinin yaradılması çətin deyil. Bu mühiti yaratmağa kömək edən yeganə əsas amil tələbənin fəallığıdır. Onlara yenilikləri qəbul etmək imkanı vermək lazımdır. Təkcə sinfi bütün qabaqcıl texnologiyalarla doldurmaq kifayət etməyəcək. Daim dəyişən və yenilənən dünyada tələbələrin bu ideyalara uyğunlaşdırılması ən vacib məqamdır.

Şagirdlərə təhsil həyatında yeni məqsəd vermək bu yeni öyrənmənin əsasını təşkil edir. Şagirdləri innovatorlara çevirmək istəyiriksə, onlara bu uyğun mühiti təmin etməliyik. Şagirdlər üçün müsabiqələr, innovasiya düşərgələri və sosial məsuliyyət adı altında həyata keçirilən layihələr  onların kəşf edilməsini sürətləndircəkdir.

Ölkələr təhsil və mədəniyyət sahəsində öz zəif tərəflərini tapmalı və innovasiya nümunələri kimi özlərini inkişaf etdirməlidirlər. Təhsildə innovasiyanın əsas məqsədi fərdləri informasiya əsrinin tələb etdiyi biliklərlə təchiz etmək və təhsil həyatını daha səmərəli etməkdir.