İnnovasiya Sahibkarlığı və Texnoparklar

İnnovasiya Sahibkarlığı və Texnoparklar

Dünyada qloballaşmanın, eləcə də yüksək texnologiyaların istehsalının və tətbiqinin təsiri ilə baş verən sürətli dəyişikliklər yeni yanaşmaları ortaya çıxarır. Baş verən proseslər innovasiya, təşəbbüskarlıq, ekosistem, texnopark, sənaye parkları, elm parkları, ağıllı zonalar, azad iqtisadi zonalar, innovasiya sahibkarlığı, sahibkarlıqda innovasiya, startap kimi anlayışların aktuallığının daha da artmasına səbəb olur. Hadisələrin sürətlə dəyişməsi, həmçinin yeni yanaşmaların təsiri ilə, tələb və təklifin müəyyənləşdirilməsi yeni metodların tətbiqinin əhəmiyyətini ortaya qoyur. Başqa sözlə, qeyd olunan proseslərin fonunda aktuallaşan rəqabət iqtisadiyyatda innovasiyaların tətbiqinə əsaslanan yanaşmaları zəruri edir. Texnoloji inkişaf sürətlə baş verdiyinə görə, texnologiya idxalı ilə sənayeləşməsini reallaşdıraraq iqtisadi inkişafı qarşısına məqsəd qoyan İEOÖ-lər, artıq bu imkanı itirmiş vəziyyətdədirlər. Çünki idxal olunan texnologiya, müəyyən müddətdən sonra əhəmiyyətini və etibarlılığını itirərək, bu sahədə rəqabət imkanı təmin edə bilmir.  Universitetlərdə artıq nəzəri tədqiqatlarla yanaşı, nəticələri tətbiq oluna bilən tədqiqat işləri də reallaşdırılır. Bu proses kompleks şəkildə tədqiqat işlərinin patentləşdirilməsi və ticariləşdirilməsi işini həyata keçirən, universitet tabeçiliyində fəaliyyət göstərən texnoparklarda baş verir. Digər tərəfdən, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid ilə daha da aktuallaşan intelektual insan gücünün inkişafı problemi bu yanaşmanın əhəmiyyətini daha da artırır. Belə ki, informasiya cəmiyyətinin başlıca tələblərindən biri də bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Nəzərə alınmalıdır ki, bilik əsaslı iqtisadiyyatın başlıca hərəkətverici qüvvəsi isə, nəzəri bilikləri ilə yanaşı, həmin sahədə peşəkar bacarıqları ilə də fərqlənən intellektual insan gücüdür. 



Yüklə