Martın 29-da “Azərbaycanda AMEA Yüksək Texnologiyalar
Parkının (YT Park) istismar proqramı: tətbiq və bacarıqların artırılması”
layihəsi üzrə ilk onlayn görüş keçirilib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, tədbirdə
Azərbaycan tərəfindən 6 yerli ekspert və 22 nəfərdən ibarət benefisiar qrup,
Koreya tərəfindən isə 2 layihə meneceri və koordinator, eləcə də 12 məsləhətçi
iştirak edib.
Tədbirdə əvvəlcə STEPI-nin (Koreya Elm və Texnologiya
Siyasəti İnstitutu) prezidenti professor Mi Ok Munun videoformatda qeydə
alınmış giriş nitqi dinlənilib. O, rəhbərlik etdiyi institutun əsas fəaliyyət
istiqamətlərindən söz açıb.
“Elm, texnologiya və innovasiyalar iqtisadi
transformasiyaların əsasını təşkil edir”, - deyən STEPI-nin prezidenti qeyd
olunan üç amilin iqtisadi, sosial və ətraf-mühit dayanıqlılığının təmin
edilməsində mühüm rolu olduğunu bildirib.
M.O.Mun milli tədqiqat və inkişaf layihələrinin
planlaşdırılması, qiymətləndirilməsi və idarə edilməsi, eləcə də sənaye və
texnologiya siyasətinin tədqiqi funksiyalarını həyata keçirən STEPI-nin bu
sahədə ixtisaslaşmış, dövlət tərəfindən maliyyələşdirilən tədqiqat institutu
olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, STEPI biliklərin idarə
edilməsi, hökumət və sənayelərlə fəal qarşılıqlı əlaqəsi sayəsində Koreyanın
milli rəqabət qabiliyyətinin artırılmasına, xüsusən də elm və texnologiyanın
inkişafına dəstək verir.
“STEPI elm və texnologiyaya əsaslanan milli innovasiya
siyasəti üzrə qlobal tədqiqat institutuna çevrilməkdir”, - deyə bildirən
M.O.Mun təşkilatın “Daha yaxşı elm və texnologiya - daha yaxşı həyat” devizi
ilə fəaliyyət göstərdiyini vurğulayıb.
O, rəhbərlik etdiyi qurumun AMEA YT Park ilə 2018-ci
ildən davam edən əməkdaşlıq əlaqələrindən də bəhs edərək, bu əməkdaşlıq
nəticəsində 3 layihənin həyata keçirildiyini, YT Park üçün strateji planının
inkişaf etdirilməsinə dəstək verildiyini diqqətə çatdırıb.
M.O.Mun 2022-2024-cü illər ərzində STEPI ilə birgə
həyata keçirilməsi nəzərdə tutulan layihənin YT Parkda texnologiyaların
kommersiyalaşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib,
layihənin Azərbaycanın elm, texnologiya və innovasiya siyasətinə mühüm töhfə
verəcəyini vurğulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya
və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış
edərək Azərbaycan-Koreya Respublikası əlaqələrinin ötən 30 il ərzində siyasi,
mədəni, iqtisadi, elmi-texniki sahələrdə mütəşəkkil formada uğurlu yol
keçdiyini vurğulayıb. O bildirib ki, STEPI-nin tərəfdaşlığı ilə son 7 ildə 12
ölkə ilə beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi, habelə elm,
texnologiya və innovasiya siyasəti ilə bağlı məsləhətləşmələr, o cümlədən
bacarıqların artırılmasına dair 16 layihə icra edilib.
Akademik Cənubi Qafqaz regionunda, o cümlədən MDB
dövlətləri arasında Azərbaycanın Koreyanın təqdim etdiyi bu imkanlardan
faydalanmış və ən çox layihə həyata keçirmiş ölkə statusuna sahib yeganə dövlət
olduğuna diqqət çəkib.
“2022-2024-cü illərdə həyata keçirilməsi nəzərdə
tutulan “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq
və potensialın artırılması” layihəsinin Koreya Respublikası hökuməti tərəfindən
dəstəklənməsi AMEA Yüksək Texnologiyalar Parkının STEPI üçün etibarlı tərəfdaş
olduğunu sübut edir”, - deyə AMEA-nın vitse-prezidenti qeyd edib. Əlavə edib
ki, bu layihə Yüksək Texnologiyalar Parkının əməliyyat potensialını və rəqabət
qabiliyyətini əsas təlim proqramları vasitəsilə gücləndirməyi, ölkədə innovativ
iqtisadi ekosistemin formalaşdırılmasına və inkişafına dəstək verməyi, həmçinin
əməliyyat təcrübəsini artırmağı hədəfləyir.
Akademik İ.Hüseynovanın sözlərinə görə, layihənin
nəticələrinə əsasən, Yüksək Texnologiyalar Parkı ilə STEPI-nin uğurlu
fəaliyyəti nəticəsində hazırlanmış strateji planın və yol xəritəsinin davamı
olaraq, texnologiyaların transferi-kommersiyalaşdırılma və startap-inkubasiya
əməliyyat proqramları üzrə xidmətlər təklif ediləcək.
İ.Hüseynova, həmçinin Koreya Respublikasının
Azərbaycan Respublikasındakı səfiri Li Eun-Yongu rəhbərlik etdiyi AMEA-nın
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna dəvət edib.
Vitse-prezident çıxışının sonunda layihənin həyata
keçirilməsini YT Parkın fəaliyyətinin ən müasir tələblərə uyğun qurulması
baxımından yüksək qiymətləndirib və proqramın uğurla icra olunacağına
əminliyini ifadə edib.
Daha sonra Koreyanın ölkəmizdəki səfiri Li Eun-Yong,
eləcə də Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov çıxış edərək layihənin
işinə uğurlar arzu ediblər. Diplomatlar tədbir iştirakçılarını fəal olmağa,
innovasiya və texnologiyalar üzrə qabaqcıl ölkələrdən olan Koreya təcrübəsinin
mənimsənilməsində maksimum aktivlik göstərməyə çağırıblar.
Qeyd edək ki, cari ildən icrasına başlanılan “AMEA
Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın
gücləndirilməsi” layihəsi texnoparklar üçün xarakterik olan əsas istiqamətlərin
- texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiyanı
əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsi və tətbiqini qarşıya
məqsəd qoyur.
Tədbirdə, həmçinin “2022-2024-cü illər üçün
K-İnnovasiya layihəsinə ümumi baxış”, “AMEA YT Park və STEPI arasında
əməkdaşlığın nailiyyətləri və təsirləri”, “Azərbaycanda texnologiyanın
kommersiyalaşdırılmasının vəziyyəti”, “Texnologiyaların
kommersiyalaşdırılmasının rolu və idarəçiliyi”, “Universitet və tədqiqat institutlarında
texnologiyaların kommersiyalaşdırılması proqramları”, “Koreya universitet və
tədqiqat institutlarında texnologiyaların kommersiyalaşdırılması proqramları”
mövzularında məruzələr dinlənilib.
Layihəyə dair geniş müzakirələr aparılıb, sual və
təkliflər səsləndirilib.
Qeyd edək ki, görüş çərçivəsində AMEA YT Park ilə
STEPI arasında 2018-ci ildən həyata keçirilən yekun hesabatların tərcüməsi
əsasında hazırlanmış “Azərbaycanda elm, texnologiya və innovasiya siyasətinin
inkişafı və texnoparkların idarə edilməsi: Koreya təcrübəsi (2018-ci il)”,
“Azərbaycanda texnologiyaların transferi və kommersiyalaşdırılmasının təşviqi
üzrə məsləhətləşmələr (2019-cu il): Koreya təcrübəsi” və “Azərbaycanda
texnologiyaların transferi və kommersiyalaşdırılmasının təşviqi üzrə
məsləhətləşmələr (2020-ci il): Koreya təcrübəsi” adlı kitabların təqdimatı
olub.