27-28 aprel 2022-ci il tarixlərində AMEA-nın Yüksək Texnologiyalar Parkının
(YTP) təşkilatçılığı ilə STEPI (Koreya Elm və Texnologiya Siyasəti
İnstitutu) və YTP-nin birgə icra etdiyi “AMEA Yüksək Texnologiyalar
Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi
çərçivəsində “Əqli mülkiyyətin idarəedilməsi” mövzusu üzrə onlayn tədbir
keçirilib.
“Bilik laboratoriyası” formatında keçirilən tədbirdə patent sistemi və
müəlliflik hüquqları sahəsində tanınmış koreyalı mütəxəssis, Seul Milli
Universitetinin professoru Youngtack Shim təqdimatla çıxış edib.
Tədbirdə mütəxəssisin patent sistemi, patent hüququ, fərdi
ixtiraçılar/innovatorlar, patentlər vasitəsilə innovasiyalara strateji yanaşma,
patent vəkilləri, patent mühafizəsi vasitəsilə innovasiyaya keçid, eləcə də
patent infrastrukturun qurulması sahələri üzrə beynəlxalq və Koreya təcrübəsi
haqqında geniş məzmunlu təqdimatı dinlənilib, sözügedən mövzular istiqamətində
Azərbaycan üçün tövsiyələr verilib.
AMEA-nın müxtəlif institut və təşkilatları, o cümlədən AMEA Naxçıvan
Bölməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əqli
Mülkiyyət Agentliyi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti, Təhsildə İnnovativ Texnologiyalar
Mərkəzi, orta məktəb və özəl sektor nümayəndələrinin iştirak etdiyi iki günlük
tədbirdə müzakirələr aparılıb, koreyalı ekspert tərəfindən mövzular üzrə
suallar cavablandırılıb.