AMEA-nın Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında 2022-2024-cü illərdə həyata keçiriləcək “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi ilə bağlı ikinci onlayn tədbir keçirilib.
Bilik laboratoriyası (Knowledge Lab) formatında keçirilən görüşdə Azərbaycan tərəfindən yerli ekspertlər və benefisiar qrupun üzvləri, Koreya tərəfindən isə layihə menecerləri, kordinatorlar, məsləhətçilər iştirak edib.
Tədbirdə əqli mülkiyyət və texnologiyaların kommersiyalaşdıırılması üzrə tanınmış ekspert, Koreya Respublikası Prezidenti yanında Elm və Texnologiya üzrə Məşvərət Şurasının üzvü STEPI-nin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Soo J. Sohn “Koreyanın texnologiyaların kommersiyalaşdırılması sistemi” mövzusunda təqdimatla çıxış edib.
Məruzəçi Koreyanın texnologiyaların kommersiyalaşdırılmasının tarixi, idarə edilməsi, metodologiyası, qanunvericiliyi, bu sahədə əldə edilən uğurlar və Azərbaycan üçün tövsiyələrini səsləndirib. O, Koreya dövləti tərəfindən 2000-ci ildən texnologiyaların kommersiyalaşdırılması mühitinin formalaşdırılmasına böyük diqqət ayrıldığını vurğulayıb.
Bildirilib ki, Cənubi Koreyanın daimi innovasiya səyləri və bununla bağlı təcrübəsi, eləcə də texnologiyanın kommersiyalaşdırılmasındakı uğurlar ölkəni qısa müddət ərzində innovativ dövlətlər sırasına çıxarmışdır. Həmçinin yaradılan hüquqi əsasın texnologiyaların kommersiyalaşdırılmasının təşviqi üçün zəmin yaratdığı layihənin benefisiar qrupunun üzvlərinin diqqətinə çatdırılıb.
Daha sonra məruzəyə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əqli Mülkiyyət Agentliyinin, İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Texniki Universitetin və özəl sektorun nümayəndələri iştirak ediblər.